REGİONLAR
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Balakəndə vətəndaşları qəbul edib VİDEO
Balakən, 21 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, iyunun 21-də Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Balakən şəhərindəki “Qubek” otelinin konfrans zalında şimal-qərb bölgəsindən olan vətəndaşları qəbul edib. Qəbulda Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının sakinləri iştirak ediblər.
Əvvəlcə qurumun rəhbəri Məleykə Abbaszadə və rayon icra hakimiyyətinin başçısı İslam Rzayev ulu öndər Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı vətəndaşlar ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, dövlət qulluğuna, orta ixtisas təhsil müəssisələrinə qəbul qaydaları, buraxılış imtahanları, elmi-metodiki seminarlar və digər məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyat aparılıb. Şuranın səlahiyyətlərinə aid olmayan, şəxsi xarakter daşıyan müraciətlər ünvanına çatdırılması üçün nəzarətə götürülüb.
Qəbul zamanı qeydiyyatdan keçənlərlə yanaşı, birbaşa müraciət edən vətəndaşlar da Şura sədri tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.
Vətəndaşlar bölgələrdə bu cür qəbulların keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.