REGİONLAR
Dövlət İmtahan Mərkəzinin Şəkidə keçirdiyi qəbul və attestasiya imtahanlarında qanun pozuntusu qeydə alınmayıb
Şəki, 5 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin iyulun 5-də Şəki şəhərində keçirdiyi qəbul və attestasiya imtahanlarında, ümumilikdə, 1311 nəfər əvvəlki və cari ilin məzunlarının iştirakı nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları, həmçinin ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları, eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçən və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan IX və XI sinif şagirdləri iştirak ediblər.
İmtahanlar Şəki şəhərində 3 imtahan mərkəzində - şəhər 8 və 12 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. İmtahanların idarə olunmasına 10 imtahan rəhbəri və 114 nəzarətçi müəllim, həmçinin 11 nəfər ehtiyat nəzarətçi ayrılıb.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, imtahanlar mövcud təlimata uyğun aparılıb, heç bir qanun pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda başa çatıb.