ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzinin nümayəndələri Finlandiyada “PADOS II” layihəsi çərçivəsində müzakirələrə qatılıblar
Bakı, 30 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov və bu qurumun strateji inkişaf şöbəsinin müdiri Fuad Mayılov Finlandiya Dövlət İdarəçiliyi İnstitutu tərəfindən reallaşdırılan “PADOS II” layihəsinin açılış konfransında iştirak ediblər.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət idarəçiliyində müasir liderlik və potensial quruculuğu mövzusunu əhatə edəcək. Layihə çərçivəsində həm “Şərq Tərəfdaşlığı” ölkələri üçün ümumi, həm də hər bir dövlətin Finlandiya ilə əməkdaşlığını nəzərdə tutan müxtəlif tədbirlər həyata keçiriləcək.
Konfransda finlandiyalı ekspertlər tərəfindən layihə haqqında təqdimatlar edilib, müzakirələr və fikir mübadiləsi aparılıb.
Sonra hər bir ölkəni təmsil edən nümayəndə heyətləri arasında ikitərəfli əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi ilə işçi görüşlər təşkil olunub.