ELM VƏ TƏHSİL
Dövlət İqtisad Universitetində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin vəfatının on üçüncü ildönümü münasibətilə anma tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon UNEC ilk ərazi təşkilatının sədri, prorektor Mikayıl Zeynalov “Heydər Əliyev və vətənpərvərlik tərbiyəsi”ndən danışıb. Bildirilib ki, müstəqil Azərbaycanın siyasi-ideoloji strategiyasında mühüm yer tutan və Ulu Öndərin böyük dühasının bəhrəsi olan vətənpərvərlik təlimi müstəqil dövlətimizin hərtərəfli inkişafının etibarlı təməlidir. M.Zeynalov Heydər Əliyevin tövsiyə etdiyi əsl vətənpərvərliyin təməlində hər zaman Azərbaycan naminə çalışmaq, onun hərtərəfli yüksəlişinə səy göstərmək, milli-mənəvi dəyərləri qorumaq, Vətən və xalq qarşısında borc və məsuliyyəti dərk edib əməli fəaliyyətdə rəhbər tutmaq olduğunu vurğulayıb. Qeyd edilib ki, hazırda ölkəmizdə bütün digər sahələrlə yanaşı, vətənpərvərlik prinsiplərinin ardıcıl və əhatəli həyata keçirilməsində də Ulu Öndərin siyasi kursuna dönmədən əməl olunur, Vətənimizin və xalqımızın hərtərəfli yüksəlişi üçün misilsiz işlər görülür.
UNEC-in iqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri, professor Məhiş Əhmədov “Heydər Əliyev və multikultural dəyərlər” mövzusunda çıxışında qeyd edib ki, Azərbaycanda tolerantlığı dövlət siyasətinə çevirən ulu öndər Heydər Əliyevin ölkəmizdə multikulturalizmin inkişafı sahəsində xidmətləri dərindən öyrənilir. O, müdrik siyasətçi Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq məfkurəsinin özündə multikulturalizm və tolerantlıq ideyasını əks etdirdiyini vurğulayıb.
Tədbirdə Ulu Öndərin xatirəsinə həsr edilmiş “Dahi şəxsiyyət” sənədli filmi nümayiş olunub.