ELM VƏ TƏHSİL
Dövlət İqtisad Universitetində yeni layihəyə başlanılıb VİDEO
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsinə start verilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi keyfiyyətli tədrisin təşkilində tələbələrin iştirakını təmin etmək, onların ehtiyaclarına uyğun tədris standartlarını müəyyənləşdirmək, bununla da təhsilin səviyyəsinin yüksəldilməsinə zəmin yaratmaqdır.
Layihəyə əsasən UNEC-in tələbə təşkilatlarının fakültə nümayəndələri dərs prosesi ilə əlaqədar mütəmadi məlumat toplayacaqlar. Məlumatlar tələbə təşkilatlarının iştirakı ilə keçirilən görüşlərdə “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” devizi altında müzakirə olunacaq.
Layihə hazırlanarkən Avropa Keyfiyyət Təminatı Assosiasiyasının “Keyfiyyət təminatı üzrə standart və qaydalar” adlı sənədi əsas götürülüb. Sənədə görə, tələbələr tədris prosesinin keyfiyyətini müəyyənləşdirən əsas tərəflərdən biridir və onların keyfiyyət təminatı prosesinə cəlb edilməsi əhəmiyyət daşıyır.