MƏDƏNİYYƏT
Dövlət Kino–Foto Sənədləri Arxivinə 4111 fotosənəd daxil olub
Bakı, 29 noyabr, AZƏRTAC
Dövlət Kino–Foto Sənədləri Arxivinə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədi ilə 4111 fotosənəd təqdim olunub.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, bütövlükdə 2011–ci ilə aid fotosənədlər Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyində yeni istehsalat sahələrinin yaradılmasını, aerovağzal komplekslərinin tikintisini və istismara verilməsini, Xüsusi Dövlət Mühafizə Xidmətinin Diaqnostika Mərkəzinin açılışını əhatə edir. Buraya, həmçinin Dünya azərbaycanlılarının III qurultayının və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işini, Azərbaycanda rəsmi səfərdə olan dövlət, hökumət rəhbərlərinin, diplomatik korpusların səlahiyyətli nümayəndələrinin rəsmi qəbullarını, Beynəlxalq Humanitar Forumu, dövlətimizin başçısının 2010-cu ildə Nazirlər Kabinetində keçirdiyi iclasları və digər mühüm tədbirləri əks etdirən fotosənədlər daxildir.
Hazırda sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir fotosənəd haqqında yığcam məlumat hazırlanır.