CƏMİYYƏT


Dövlət Komissiyası: Müharibə itkinlərinə aid olduğu ehtimal edilən məzarların qanunsuz açılması yolverilməzdir

Bakı, 25 may, AZƏRTAC

Son günlər kütləvi informasiya vasitələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı intensiv hərbi əməliyyatların getdiyi dövrdə həlak olan və şəxsiyyəti aydınlaşdırılmadan dəfn edilmiş şəxslərə aid məzar yerləri və dəfn prosesində çəkilmiş fotoşəkillərin yayılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Nəticədə itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzarların açılması istiqamətində ayrı-ayrı vətəndaşlar tərəfindən bir sıra qeyri-qanuni addımların atılmasına cəhdlər göstərilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərinin ekshumasiyasını həyata keçirmək üçün ilk növbədə onlarla bağlı tam və əhatəli məlumatlar toplanmalı, yaxın qohumlarından DNT nümunələri götürülməlidir. Bu proses başa çatdıqdan sonra səlahiyyətli dövlət orqanlarının müvafiq qərarı əsasında məhkəmə-tibbi ekspertiza və digər mütəxəssislərdən ibarət heyət müəyyən edilərək məzarda qazıntı işləri aparılmalıdır.

Xüsusi qaydada toplanmış cəsədlərin qalıqları laboratoriyada zəruri prosedurlar keçdikdən sonra meyitdən və itkinin yaxınlarından götürülmüş nümunələr tutuşdurularaq eyniləşdirmə aparılır. Proses müsbət nəticə verdiyi təqdirdə cəsədlər ailələrə təhvil verilir.

Hazırda Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə bu sahədə müvafiq tədbirləri davam etdirir. Zəruri prosedurlar başa çatdıqdan sonra müəyyən edilmiş naməlum məzar yerlərində beynəlxalq standartlara uyğun ekshumasiya işləri aparılacaq və tanınmış cəsəd qalıqları itkinlərin ailələrinə təhvil veriləcək.

Dövlət Komissiyası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, aidiyyəti hüquq-mühafizə və məhkəmə orqanlarının qərarı olmadan naməlum məzar yerlərinin açılmasının və cəsədlərin qalıqlarının digər ərazilərə köçürülməsi hərəkətinin qanunla müəyyən edilmiş cinayət məsuliyyətinə səbəb olduğunu nəzərə alaraq, yerli ərazi inzibati orqanlarının nümayəndələrini və vətəndaşları bu cür hərəkətlərdən çəkinməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.