CƏMİYYƏT


Dövlət Komitəsi daha 16 dini icmaya maliyyə yardımı ayırdı

Bakı, 22 may, AZƏRTAC

Mayın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 16 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Komitə sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, ulu öndər Heydər Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibəti nəticəsində dinə dövlət qayğısı dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Bu ardıcıl və məqsədyönlü siyasət sayəsində milli-dini dəyərlərimizin qorunmasında, İslam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində, tolerant və multikultural ənənələrimizin təbliğində və təşviqində mühüm addımlar atılıb, irəliləyişlər əldə olunub. Ümummilli lider Heydər Əliyevin bu siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox mühüm diqqət və qayğı göstərir. O qeyd edib ki, Prezident İlham Əliyevin 2014-cü il 27 noyabr tarixli Sərəncamı bu qayğının təzahürlərindən biridir.

Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı Sərəncamın vacibliyinə toxunan Səyyad Salahlı dini icmaların DQİDK-ya təqdim etdikləri layihələr arasında əsasən “İslam həmrəyliyi” mövzusuna həsr olunanların maliyyələşdirilməsinə üstünlük verildiyini bildirib. Komitə sədrinin birinci müavini, eyni zamanda, İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə tövsiyələrini də verib.

Layihələri maliyyələşdirilən İmişli rayonu Xoşçobanlı kənd məscidi dini icması “İslam həmrəylik, bərabərlik dinidir”, Salyan rayonu Çuxanlı kəndi “Hacı Cəbrayıl” məscidi dini icması “İslam dini həmrəy və tolerant dindir”, Sabirabad rayonu Bulduq kənd məscidi dini icması “Milli dəyərlərimizin formalaşmasında İslam dininin əhəmiyyəti”, Masallı rayonu Ərkivan qəsəbəsi “Həzrət Əli” məscidi dini icması “Radikalizm və ekstremizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu”, Ağdaş şəhəri “Hacı İsmayıl” məscidi dini icması “İslam həmrəyliyinin və İslami dəyərlərin təbliği”, Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbə məscidi dini icması “İslam barışıq və həmrəylik dinidir”, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbə məscidi dini icması “İslam həmrəyliyi: dünyanı sülhə aparan yol”, Neftçala rayonu Aşağı Qaramanlı kəndi “Abbas” məscidi dini icması “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti”, Qəbələ rayonu Hacıalılı kənd məscidi dini icması “Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu”, Ucar şəhər “Cami” məscidi dini icması “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik”, Şamaxı rayonu Adnalı kənd məscidi dini icması “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində”, Qobustan rayonu Ərəbşalbaş kəndi “Hacı Gülmalı” məscidi dini icması “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı”, İmişli rayonu Cəfərli kəndi “İmam Hüseyn” məscidi dini icması “İslamda həmrəylik və sülh çağırışları”, Zərdab şəhər “Cümə” məscidi dini icması “İslam Həmrəyliyi sülhə çağırışdır”, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbə məscidi dini icması “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz”, Goranboy rayon Safıkürd və Tatarlı kənd məscidi dini icması “Dini ekstremizmin qarşısının alınmasında islam həmrəyliyinin rolu” adlı maarifləndirmə tədbirləri həyata keçirəcəklər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 196 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 177-i isə İslam dini icmasıdır. DQİDK-ya təqdim etdikləri layihələri maliyyələşdirilmiş icmalar tərəfindən vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması istiqamətində Bakı şəhərində və respublikanın regionlarında müxtəlif tədbirlər həyata keçirilir, kitablar çap edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.