SİYASƏT


Dövlət Komitəsinin sədri Avstriya Parlamentinin deputatları ilə görüşüb

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avstriya parlamentinin ölkəmizdə səfərdə olan deputatları ilə görüşüb.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən M.Qurbanlı Azərbaycan-Avstriya əməkdaşlığının bir çox sahələrdə sürətlə genişləndiyini qeyd edib. Torpaqlarımızın 20 faizinin işğal altında olduğunu deyən Komitə sədri iyulun 4-də Füzuli rayonunun Alıxanlı kəndində törədilən qanlı hadisə nəticəsində dünya ictimaiyyətinin növbəti dəfə erməni vandallığının şahidi olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, işğalçı ölkə beynəlxalq təşkilatların münaqişənin həllinə dair qəbul etdikləri qətnamələrin tələblərini yerinə yetirməyərək mənfur siyasətini davam etdirir.

Komitənin fəaliyyəti barədə avstriyalı deputatlara ətraflı məlumat verən M.Qurbanlı deyib ki, ölkəmizdə dini zəmində münaqişələrin olmaması, insanların öz əqidə formasını sərbəst seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması ümummilli lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanların dini ibadətlərini sərbəst həyata keçirdiklərini nəzərə çatdıran sədr ölkəmizdə məscidlərin sayının 2246-a çatdığını, 14 kilsə, 7 sinaqoqun fəaliyyət göstərdiyini bildirib. O, dinə dövlət qayğısının təzahürü olaraq, Prezident İlham Əliyev tərəfindən mütəmadi qaydada müsəlman və qeyri-müsəlman dini icmalara maliyyə yardımı ayrıldığını vurğulayıb.

M.Qurbanlı ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizmin Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlığın isə xalqımız üçün yüksək mədəni dəyərə çevrildiyini, milli-mənəvi və dini dəyərlərimizə bağlılığın təzahürü olaraq ölkəmizdə keçən ilin “Multikulturalizm İli”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğunu qonaqların diqqətinə çatdırıb.

Avstriya parlamentinin deputatı Yohanes Hübner Azərbaycana səfər çərçivəsində çoxsaylı görüş keçirdiklərini bildirərək bu müddət ərzində ölkəmizi yaxından tanıdıqlarını deyib. Qonaq Azərbaycanın multikulturalizm, tolerantlıq ənənələrinə xüsusi önəm verən az sayda ölkələrdən biri olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Sonda Mübariz Qurbanlı Dövlət Komitəsinin nəşri olan ingilis və Azərbaycan dillərində yayımlanan “Azərbaycanın seçilmiş İslam abidələri”, “İşğal altındakı tarixi-dini abidələrimiz”, “Azərbaycanda dini müxtəliflik” kitablarını qonaqlara təqdim edib.

Görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavini Gündüz İsmayılov, deputat Çingiz Qənizadə və digər rəsmi şəxslər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.