SİYASƏT


Dövlət Komitəsinin sədri İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti ilə görüşüb

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 8-də İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, M.Qurbanlı qonaqlara Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda müxtəlif dinlərin və konfessiyaların nümayəndələri sülh, dostluq şəraitində yaşayırlar və müstəqil formada dini ibadətlərini həyata keçirirlər. Qeyd edilib ki, Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması prinsipi yer alıb, bu dünyəvilik isə özündə dövlət-din münasibətlərini ehtiva edir. Komitə sədri vurğulayıb ki, bu gün Azərbaycanda tolerantlığın mühüm elementlərindən biri onun qorunmasının dövlət siyasətinə çevrilməsidir.

Yəhudilərin Azərbaycanda 2500 ildir ki, məskunlaşdığını, öz adət-ənənələrini qoruyub saxladıqlarını deyən Mübariz Qurbanlı bu icmanın Azərbaycanın ictimai-siyasi həyatında yaxından və fəal iştirak etdiyini diqqətə çatdırıb.

İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter Azərbaycana səfər proqramlarının geniş olduğunu, çoxsaylı görüş və tədbirlər keçirdiklərini bildirərək bu müddət ərzində ölkəmizi yaxından tanıdıqlarını deyib. Qonaq Azərbaycanın multikulturalizm məsələlərinə böyük önəm verən çox az sayda ölkələrdən biri olduğunu vurğulayıb. Ölkəmizdəki dövlət-din münasibətlərini, tolerantlıq ənənələrini, yəhudi icmasına göstərilən yüksək qayğı və diqqəti xüsusi vurğulayan qonaq bunun bütün dünya üçün nümunə ola biləcəyini qeyd edib.

Görüşdə, həmçinin İsveçrə Yəhudi İcmaları Federasiyası ilə əməkdaşlıq məsələsi müzakirə olunub.

Qonaqlara Azərbaycandakı dini abidələrin fotoşəkillərindən ibarət kitab təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.