İQTİSADİYYAT
Dövlət Metrologiya Xidmətinin laboratoriyalarında ötən il 629 ədəd işçi etalonun kalibrlənməsi həyata keçirilib
Bakı, 16 yanvar, AZƏRTAC
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2016-cı il ərzində respublika ərazisində ölçmələrin vəhdətinin təmin edilməsi, aparılan ölçmələrin nəticələrinin izlənilməsi, tələb olunan dəqiqliyin və etibarlılığın təmin edilməsi məqsədilə dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanılması, təkmilləşdirilməsi və inkişaf etdirilməsi, fiziki kəmiyyət vahidlərinin müvafiq dövlət kəmiyyət vahidi etalonlarından işçi etalonlara ötürülməsi üzrə işləri davam etdirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi qiymətinin təyin edilməsi məqsədilə komitə yanında Dövlət Metrologiya Xidmətinin laboratoriyalarında hesabat dövrü ərzində 629 ədəd işçi etalonun kalibrlənməsi həyata keçirilib.
Nəticədə müvafiq olaraq 572 ədəd kalibrləmə sertifikatı və 57 ədəd yararsızlıq haqqında bildiriş verilib.
Ötən il ərzində 135 ədəd ölçmə vasitəsinin tipi təsdiq edilərək Ölçmə Vasitələrinin Dövlət Reyestrinə daxil edilib.
Həmçinin 81 laboratoriyaya akkreditasiya və kalibrlənmə səlahiyyəti verilərkən, həmin laboratoriyaların istismar üçün yararlı ölçmə və sınaq vasitələri ilə metroloji təminatı qiymətləndirilib, 2 laboratoriyada istismar edilən ölçmə vasitəsinin attestasiya olunmuş metodikalarla təminatı təşkil edilib.
Eyni zamanda, 8 laboratoriyaya akkreditasiya və kalibrlənmə səlahiyyəti verilərkən, həmin laboratoriyalarda istifadə ediləcək yoxlama damğalarının eskizləri razılaşdırılıb.
Lisenziyalı fəaliyyətlə məşğul olmaq üçün 327 sahibkara təsdiqedici sənəd verilib ki, bunlardan 175 ədədi tibb, 152-si ədədi əczaçılıq fəaliyyəti üzrədir.