CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti Xaçmazda turizm agentliklərinin nümayəndələri üçün seminar keçirib

Bakı, 20 may, AZƏRTAC

Turizm mövsümünün başlanması ilə əlaqədar Xaçmaz, Quba və Qusar rayon turizm informasiya mərkəzlərinin və regional ərazi üzrə turizm agentlikləri əməkdaşlarının iştirakı ilə miqrasiya qanunvericiliyi sahəsində maarifləndirmə işi çərçivəsində Xaçmaz regional miqrasiya idarəsi tərəfindən seminar təşkil olunub.

Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xaçmazdakı turizm informasiya mərkəzinin akt zalında keçirilən seminarda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən turizmin inkişafına göstərilən diqqətin nəticəsində müasir dövrdə paytaxt Bakı ilə yanaşı, regionlarda da beynəlxalq standartlara cavab verən mehmanxanaların tikildiyi, yeni turizm zonalarının yaradıldığı xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və otellər dünya standartlarına uyğun qurulub və bu gün respublikamız perspektivli turizm ölkəsinə çevrilib.

Seminarda turistlərin Azərbaycan Respublikasına səfərlərini asanlaşdırmaq məqsədilə “ASAN Viza” sisteminin tətbiqi, onların ölkədə qaldıqları müddətdə qeydiyyat qaydalarının sadələşdirildiyi barədə məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş və miqrasiya proseslərinin idarə edilməsi, həmçinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərini prioritet kimi müəyyən edən Dövlət Miqrasiya Xidməti ölkəmizə təşrif buyuran hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin, eləcə də turistlərin ölkədə olma və yaşama qaydalarına əməl etmələrinin təmin olunması, onlara rahat, operativ və şəffaf xidmət üçün beynəlxalq standartlara cavab verən tədbirləri davam etdirir.

Tədbirdə hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkə ərazisində 10 gündən artıq qalmaq istədiyi halda qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasına gəldiyi vaxtdan 10 gün ərzində Dövlət Miqrasiya Xidmətində olduğu yer üzrə qeydiyyata düşməsi prosedurları barədə izahedici söhbət aparılıb. Diqqətə çatdırılıb ki, Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə görə, əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi qəbul edən tərəf - mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana yaxud başqa belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun və ya digər sərhədkeçmə sənədinin surətini Xidmətin rəsmi saytının (www.migration.gov.az) elektron xidmətlər bölməsi vasitəsilə onlayn qaydada və ya regional miqrasiya idarələrinə birbaşa təqdim etməlidir.

Olduğu yer üzrə qeydiyyata alınmaları üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də qanunvericiliklə müəyyən olunmuş qaydada müraciət edə bilərlər. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər olduqları yer üzrə qeydiyyat ünvanlarını dəyişərlərsə, bu barədə mütləq DMX-nə məlumat verməlidirlər.

Görüşdə diqqətə çatdırılıb ki, xarici qonaqların qalmaq üçün seçdiyi mehmanxanaların müdiriyyəti, yaşayış yerlərinin sahibi qanunvericiliklə müəyyənləşdirilən qaydada onların olduğu yer üzrə qeydiyyatlarının təmin edilməsi işinə məsuliyyətlə yanaşmalıdırlar.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.