CƏMİYYƏT
Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında saziş imzalanıb
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də Cenevrədə “Azərbaycanın Dövlət Miqrasiya Xidməti (DMX) və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair əməkdaşlıq Sazişi” imzalanıb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, sazişi Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 107-ci sessiyasında iştirak etmək məqsədilə İsveçrədə səfərdə olan Xidmət rəisi Firudin Nəbiyev və BMqT-nin baş direktoru Uilyam Leysi Svinq imzalayıblar.
Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov imzalanma mərasimində iştirak edib.
Mərasimdə ölkəmizə ötənilki səfərini və Azərbaycan nümayəndə heyəti ilə beynəlxalq tədbirlər çərçivəsində işgüzar görüşlərini məmnunluqla xatırlayan Uilyam Leysi Svinq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaradılmış sabitliyi və mütərəqqi miqrasiya idarəçiliyi modelini, eləcə də multikultural dəyərlərə verilən önəmi bir daha vurğulayıb.
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Azərbaycanın bir sıra beynəlxalq konvensiyalara qoşulduğunu, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü ilə miqrasiya sahəsində qəbul olunan qanunların və normativ-hüquqi aktların ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının tam təmin edilməsinə geniş imkanlar açdığını xüsusi qeyd edib. Xidmət rəisi rəhbərlik etdiyi dövlət orqanı ilə Beynəlxalq Miqrasiya Təşkilatı və qurumun Azərbaycan nümayəndəliyi arasında yaradılmış yüksək səviyyəli əməkdaşlığın inkişaf perspektivlərinə toxunub. Könüllü qayıdışa yardım çərçivəsində imzalanan saziş də qarşılıqlı inam və etimadın nümunəsi kimi səciyyələndirilib.
Bildirilib ki, bu sazişə əsasən, icrasına başlanılacaq pilot layihənin əsas məqsədi könüllü olaraq öz ölkələrinə dönmək arzusunda olan, sığınacaqla təmin olunmaq istəyinə rədd cavabı almış şəxslərin və həssas miqrantların mənşə ölkələrinə uğurla qayıtmaları üçün əlverişli şərait yaradılmasından ibarətdir.
On iki ay müddətinə davam edəcək layihə çərçivəsində maarifləndirmə, həmçinin yuxarıda qeyd olunan şəxslərə ölkəni tərk etməzdən əvvəl və tərk edərkən yardımın göstərilməsi kimi zəruri tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.