CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti tərəfindən 48 əcnəbi vətəndaş saxlanılıb

Bakı, 30 iyun, AZƏRTAC

Son günlər Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş mübarizə tədbirləri zamanı 44 nəfər Pakistan, 3 Banqladeş və 1 Filippin vətəndaşı saxlanılıb.

DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə inzibati qaydada ölkəmizin ərazisindən çıxarılan və respublikamıza gəlmək hüququ məhdudlaşdırılan Pakistan vətəndaşı Sana Ur Rahman və onunla əlbir olan Azərbaycan Respublikasının vətəndaşı ilə nikahına əsasən hazırda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında Bakı şəhərində məskunlaşmış Pakistan vətəndaşı, özünü Vasim kimi təqdim edən Zıkar Ullah tərəfindən 43 Pakistan İslam Respublikası vətəndaşının işə düzəltmə adı ilə aldadılaraq Azərbaycana gətirilmələri məlum olub.

Saxlanılan şəxslərin özlərinin dediyinə görə, Sana Ur Rahman 2-3 min ABŞ dolları məbləğində pul vəsaitinin müqabilində onlara Azərbaycana “Elektron viza” və Bakıya təyyarə bileti təşkil edib. Azərbaycanda onları qarşılayan Zıkar Ullah isə müxtəlif ünvanlarda kirayə tutduğu mənzillərdə həmin əcnəbilərin yerləşdirilməsini həyata keçirib. Zıkar Ullah onlara guya Azərbaycanda müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alacağına, həmçinin həmyerlilərini işlə təmin edəcəyinə söz verib.

Təxminən 2-3 ay ərzində 43 Pakistan vətəndaşını aldadaraq elektron turist vizası ilə Azərbaycana göndərən Sana Ur Rahman və onları burada qarşılayaraq aidiyyəti dövlət qurumlarından müvafiq icazələrin alınması üçün sənədlərini rəsmiləşdirəcəyinə, onları işə düzəldəcəyinə söz verən Zıkar Ullah hətta saxta sənədlər hazırlamaqdan belə çəkinməyiblər. Zıkar Ullah aldatdıqları şəxslərin inamını qazanmaq üçün bəzilərinə guya sənədlərinin müvafiq orqanlara təqdim olunduğunu bildirən saxta qəbz nümunələri verib, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə dair qanunvericiliyin tələblərinə uyğun olaraq bəzilərinin tibbi müayinəsi təşkil edib.

Həmyerliləri tərəfindən aldadılan Hussain Azhar, Sabır Muhammad, Zafar Muhammad Afzaal və başqaları Səudiyyə Ərəbistanında Ehsan, Pakistanda Nəvaz kimi tanıdıqları tur agentlər vasitəsilə tanış olduqları qanunsuz miqrasiya kanalının təşkilatçıları olan Sana Ur Rahmanın və Zıkar Ullahın toruna düşdüklərini biləndə isə artıq gec olub.

Dövlət Miqrasiya Xidməti tərəfindən saxlanılan şəxslər ayrı-ayrı vaxtlarda 3-4 nəfərlik qrup şəkilində Bakıya gəldiklərini və onlara qaldıqları mənzildən heç bir yerə çıxmağa icazə verilmədiyini etiraf ediblər. Saxlanılan şəxslər ölkələrində işbazlar tərəfindən aldadılaraq Azərbaycana işləmək adı ilə göndərilmələri müqabilində hər birinin verdiyi 2-3 min dollardan əlavə Bakıda da onları qarşılayıb müxtəlif ünvanlarda yerləşdirən Pakistan vətəndaşı Zıkar Ullahın 43 nəfər həmyerlisinin hər birindən müxtəlif məbləğlərdə pul vəsaiti aldığını deyirlər.

Zikir Ullah isə dostu Sana Ur Rahmanın təklif etdiyi fürsətdən istifadə edib qarşıladığı 43 nəfərin 37-dən əldə etdiyi ümumilikdə 21 min dollar vəsaitin 14 minini Sana Ur Rahmana göndərdiyini, bir hissəsi ilə Pakistanda olan borcunu ödədiyini, qalanını isə ehtiyaclarına xərclədiyini deyir.

Bundan əlavə, keçirilmiş tədbir zamanı uzunmüddət Azərbaycan Respublikasının ərazisində qanunsuz yaşayan Filippin vətəndaşı Cemma Jimense də saxlanılıb. O sonuncu dəfə Azərbaycana 2011-ci ildə gəldiyini bildirib. Müxtəlif vaxtlarda iş icazəsi ilə fəaliyyət göstərdiyini və qanuni əsaslarla yaşadığnı deyən Cemma Jimense 2016-cı ilin yayından etibarən “Sapfir” oteldə qanunsuz əmək fəaliyyəti ilə məşğul olub.

DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş digər tədbirlər zamanı 9 nəfər Özbəkistan Respublikası və 1 nəfər Türkiyə Respublikası vətəndaşı saxlanılıb.

Azərbaycan vətəndaşı Məzlum Səfərov tərəfindən 9 nəfər Özbəkistan vətəndaşının günəmuzd olaraq, qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi məlum olub. M.Səfərov öz ünvanı üzrə həmin əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınmasını təşkil edib, lakin onlar digər ünvanda yerləşdirilib. O cümlədən M.Səfərov əcnəbiləri işə cəlb etməsinə baxmayaraq, Dövlət Miqrasiya Xidmətindən müvafiq icazələrin alınması üçün sənədlər rəsmiləşdirilməyib.

Bundan əlavə, keçirilmiş tədbir zamanı uzun müddət Azərbaycan ərazisində qanunsuz yaşayan Türkiyə vətəndaşı Hasan Tekbıçak saxlanılıb.

Aparılmış araşdırmalar zamanı Hasan Tekbıçakın İnterpol tərəfindən axtarışda olduğu və cinayət məsuliyyətindən yayınmaq məqsədilə Azərbaycanda məskunlaşdığı məlum olub və o, aidiyyəti üzrə daxili işlər orqanlarına təhvil verilib.

Aşkarlanmış faktlarla bağlı DMX-nin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilən şəxslər isə müvafiq inzibati məsuliyyətə cəlb ediliblər.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.