CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın iclası keçirilib

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 17-də Dövlət Miqrasiya Xidmətinin (DMX) Bakı şəhər regional miqrasiya idarəsinin inzibati binasında bu qurumun yanında İctimai Şuranın növbəti iclası keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, açıq müzakirə formatında keçirilən iclasda İctimai Şuranın üzvləri ilə yanaşı, Xidmətin və miqrasiya sahəsində fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidəçi qismində iştirak ediblər. Gündəliyə İctimai Şuranın hazırkı fəaliyyəti, o cümlədən iclas dövrünə qədər görülmüş işlər, qarşıdan gələn növbəti aylar üçün fəaliyyət planı, miqrasiya sahəsində fəaliyyət göstərən müvafiq icra qurumları ilə əməkdaşlıq əlaqələrinin perspektivləri və digər məsələlər daxil edilib.

İctimai Şuranın sədri Azər Allahverənov sonuncu iclasdan ötən müddətdə həyata keçirilmiş fəaliyyət barədə məlumat verib. Qeyd edib ki, Şuraya daxil olan hər bir ictimai birlik özünün fəaliyyət sektorunda miqrasiya məsələləri ilə aktiv məşğul olur və müzakirəyə ehtiyacı olan sualları Şura müstəvisinə çıxarır. Zərurət yarandıqda Şura DMX qarşısında vəsatətlə çıxış edir. İctimai Şuranın bu müstəvidə əlaqələndirici qurum formatında iş qurması zəruri məlumatın vaxtında DMX-yə təqdim edilməsinə imkan verir. Beləliklə, İctimai Şura DMX ilə ictimaiyyət arasında səmərəli körpü yaratmağa müvəffəq olur. Bildirilib ki, bununla yanaşı, ötən dövrdə İctimai Şura miqrantların, xüsusilə də qaçqın və sığınacaq axtaran şəxslərin maraqlarına cavab verən sosial və humanitar dəstək xarakterli tədbirlər də həyata keçirib.

İctimai Şuranın sədr müavini Kəmalə Məmmədova DMX yanında İctimai Şuranın bir çox istiqamətlər üzrə, xüsusilə də əmək miqrasiyasına, vətəndaşsızlıq hallarının aradan qaldırılmasına, turizmin miqrasiya ilə kəsişən spektrinə aid edilən aktual məsələlərin həllində daha fəal olmasının zəruriliyini vurğulayıb. Bildirib ki, həmin mövzular üzrə “dəyirmi masa”ların keçirilməsi, işçi qruplarının yaradılması, maraqlı tərəflər arasında faydalı məlumat mübadiləsi günün tələbidir.

Şuranın üzvü Sahib Məmmədov iştirak etdiyi beynəlxalq tədbirlərdə miqrasiya sahəsi ilə əlaqədar müzakirə olunan məsələlər barədə söhbət açıb.

Fərdi şəkildə müraciət edən miqrantlara göstərdikləri yardımlar barədə məlumat verən İctimai Şuranın katibi Məmməd Kətanov deyib ki, son aylarda bir neçə belə müraciət olub. İctimai Şuranın rəhbərliyi ilə əlaqələndirilmiş şəkildə görülən işlər əsasən, ehtiyacı olan miqrantlara müvafiq humanitar dəstəyin göstərilməsi, həmçinin onlar üçün Azərbaycan dili kurslarının təşkili ilə əlaqədar olub.

DMX-nin miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov və Xidmətin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Nadir İsmayılov ünvanlanan sualları ətraflı cavablandırıblar. Məlumat verilib ki, DMX bir çox məsələlərlə yanaşı, həm də ictimaiyyətin geniş təbəqələrinin məlumatlandırılmasına diqqət yetirir. Bu məqsədlə bölgələrdə çoxsaylı maarifləndirmə tədbirləri, “Açıq qapı günü” keçirilir. İctimai Şuranın daha fəal olmasında DMX-nin maraqlı olduğu xüsusi vurğulanıb.

Tədbirdə müşahidəçi qismində iştirak edən Mahirə Əmirhüseynova, Sevda Məmmədova və digər iştirakçıların verdikləri suallar ətraflı cavablandırılıb.

İclasın sonunda DMX yanında İctimai Şuranın fəaliyyətinin genişləndirilməsi və gücləndirilməsi ilə əlaqədar bir sıra vacib qərarlar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.