CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

Bakı, 2 iyun, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) Bakı Şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində Azərbaycanda qaçqın statusu almış və bu statusu almaq üçün müraciət edən ailələrdə böyüyən uşaqların iştirakı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzlə tanış olublar.

Uşaqlar Mərkəzdəki uşaq əyləncə guşəsində gözəl vaxt keçiriblər.

Sonra tədbir bayram süfrəsi arxasında davam etdirilib. Xidmətin məsul əməkdaşları, DMX-nin həmkarlar ittifaqı komitəsinin sədri tədbirdə iştirak edən bütün uşaqları əlamətdar bayram münasibətilə təbrik edib, onlara xoşbəxt və firavan gələcək arzulayıblar.

Bildirilib ki, Azərbaycanda uşaq siyasətinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün uşaqlara xüsusi diqqət və qayğı var. Əcnəbi ailələrin övladları olan uşaqlar üçün təşkil edilmiş bu şənlik də həmin siyasətin tərkib hissəsidir. Qeyd edilib ki, Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulan və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Milliyyətindən, irqindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə dövlət təminat verir.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun fəaliyyəti gələcəyimiz olan uşaqlara yüksək qayğı nümunəsidir və cəmiyyəti onlara diqqət və qayğı ilə yanaşmağa səfərbər edir.

Həssas qruplardan olan azyaşlılar üçün təşkil edilmiş tədbirdə uşaqlara hədiyyələr təqdim olunub. Eyni zamanda, görüşdə iştirak edən uşaqların ailələrinə də bayram sovqatı verilib.

Bayram tədbiri valideynlərin çox böyük razılığına səbəb olub və uşaqların yaddaşında xoş izlər buraxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.