CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətində innovativ metodların tətbiqinə geniş yer verilir
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənub Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Argentina Sabadoş ilə görüşüb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı BMqT ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışan F.Nəbiyev bu beynəlxalq təşkilatın baş direktoru Uilyam Leysi Svinq ilə görüşünü və aparılan müzakirələrin əhəmiyyətini qeyd edib. Miqrasiya proseslərinin idarəolunması, qanunsuz miqrasiyaya qarşı mübarizə və s. məsələlərlə bağlı fikirlərini bölüşən Xidmət rəisi Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq, dövlət orqanlarının göstərdikləri xidmətlərin elektronlaşdırılması işinin DMX tərəfindən müvəffəqiyyətlə həyata keçirildiyini, qurumda innovativ metodların tətbiqinə geniş yer verildiyini söyləyib.
Söhbət zamanı emiqrasiya, immiqrasiya, tranzit və sığınacaq məsələlərindən irəli gələn prosedurların və proseslərin səmərəli şəkildə idarə olunması istiqamətində göstərilən səylərə töhfə vermək məqsədi daşıyan, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsinin icra vəziyyəti və əldə olunmuş nəticələrə toxunulub. Qeyd olunub ki, 2014-cü ildən başlanılmış layihə çərçivəsində “Dövlət Miqrasiya Xidməti tərəfindən təyin olunmuş cərimələrin “ASANPAY” ödəniş sistemi vasitəsilə ödənilməsi” proqramı hazırlanıb. Xidmət rəisi bu proqramı Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlərə dair Azərbaycan Prezidentinin Sərəncamında sərhəd buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi barədə qarşıya qoyulmuş tapşırığın icrası istiqamətində irəliyə atılmış addım kimi dəyərləndirib.
Sonra hazırlanmış proqramın təqdimat mərasimi keçirilib. Mərasimdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, DMX rəisinin müavini Pərviz Musayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ülvi Mehdiyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, BP-nin “Azəri”-“Çıraq”-“Günəşli” qlobal layihələr təşkilatı üzrə vitse-prezidenti Kathal Kelli və BMqT-nin Cənub Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Argentina Sabadoş çıxış ediblər.
Sonra DMX-nin əməkdaşı Zəfər Şamilov proqramın əməliyyat imkanlarını əyani şəkildə təqdim edib. Məlumat verilib ki, törətdiyi inzibati xətaya görə ölkədən çıxışına məhdudiyyət qoyulmuş əcnəbinin həmin ödəniş sistemi vasitəsilə cəriməsini ödədikdən sonra iki dəqiqə ərzində müvafiq qaydada məhdudiyyətinin götürülməsini proqram təmin edir. Bu da həm maddi, həm də vaxt itkisinin qarşısını alır, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsinə imkan verir. Proqram həm Azərbaycan, həm ingilis, həm də rus dillərindədir.
Sonda mərasim iştirakçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda quraşdırılmış “ASANPAY” ödəniş sistemi vasitəsilə proqramın işini əyani olaraq izləyiblər.