CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün mənşə ölkəsi haqqında məlumat mövzusunda təlim keçirilir
Bakı, 31 may, AZƏRTAC
“Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü” layihəsi çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyi mayın 31-də Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün mənşə ölkəsi haqqında məlumatlara dair birgünlük təlim keçirib.
BMT QAK-dan AZƏRTAC-a bildiriblər ki, təlimin məqsədi qaçqınların və sığınacaq axtaran şəxslərin himayəsinin gücləndirilməsi üçün milli qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində DMX-nin işçi heyətinin potensialını genişləndirməkdir.
Azərbaycan Respublikası 2013-cü ilin aprelində fəaliyyətə başlayan “Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü” layihəsində iştirak edən altı ölkədən biridir. Bu layihə BMT QAK tərəfindən həyata keçirilir və altı ölkədə sığınacaq prosedurları və qaçqınların himayəsini yaxşılaşdırmağa yönəlib. Layihə Azərbaycan ilə yanaşı, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukraynanı da əhatə edir.