CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətinin on illik yubileyi münasibətilə müsabiqə elan edilib

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) on illik yubileyi münasibətilə müsabiqə elan edib. Müsabiqənin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərə və Dövlət Miqrasiya Xidmətinin on illik fəaliyyəti dövründə əldə olunan nailiyyətlərə cəlb etmək, eləcə də miqrasiya problemlərinin həllinə istiqamətləndirməkdir.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqə üç nominasiya – film, təsviri sənət (rəngkarlıq) və fərdi jurnalist məqaləsi üzrə keçirilir.

Ən yaxşı sənədli film nominasiyası üzrə birinci yerin sahibi birinci dərəcəli diplom və 2 iki min manat məbləğində pul mükafatı ilə təltif olunacaq. İkinci və üçüncü yerlərin sahibləri isə müvafiq olaraq, ikinci və üçüncü dərəcəli diplomlar, eyni zamanda, 1500 və min manat məbləğlərində pul mükafatlarına layiq görüləcək. Bundan başqa, bir həvəsləndirici yerin sahibinə fəxri fərman və 800 manat məbləğində pul mükafatı veriləcək.

Rəngkarlıq nominasiyası üzrə isə ilk üç yerin sahiblərinə tutduqları yerə uyğun dərəcədə diplomlar və müvafiq olaraq, 1000, 800 və 500 manat məbləğində pul mükafatları təqdim ediləcək. Üç həvəsləndirici mükafatın sahibləri isə fəxri fərmanlar və 300 manatla təltif olunacaqlar.

Ən yaxşı məqalə üzrə müsabiqənin ilk üç qalibi isə uyğun dərəcədə diplomlarla yanaşı, müvafiq olaraq 1000, 800, 500 manat məbləğində pul mükafatına layiq görüləcək. Üç həvəsləndirici mükafatın sahibləri isə fəxri fərmanlar və 300 manatla təltif olunacaqlar.

Müsabiqədə yaşından asılı olmayaraq, bütün yaradıcı şəxslər iştirak edə bilərlər. Təqdim olunan əsərlərin üzərində müəllif barədə məlumatlar göstərilməməli, məlumatlar anketdə əks etdirilməli (anketin forması qaydalara əlavə olunur) və zərfə qoyulması, həm əsərin arxasında, həm də zərfin üzərində şərti ad qeyd olunmalıdır.

“Ən yaxşı sənədli film” nominasiyası üzrə işlər müvafiq qaydada doldurulmuş anketlə birlikdə cari il dekabrın 20-dək, “Ən yaxşı rəsm əsəri” və “Ən yaxşı məqalə” nominasiyaları üzrə müraciətlər isə gələn yanvarın 15-dək Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsinə təqdim edilməlidir.

Təsviri sənət üzrə iştirakçılar müsabiqəyə 90x70 santimetr ölçüdən kiçik olmamaqla əsərlər təqdim etməlidirlər. Sənədli film üzrə iştirakçılar müsabiqəyə xronometrajı 30 dəqiqədən az və 45 dəqiqədən çox olmamaqla əsər təqdim etməlidirlər. Fərdi jurnalist yazıları (məqalə) üzrə yazının A4 formatda (3 nüsxə) çap (müəllifin imzası göstərilməməlidir) və elektron (arial şriftində - 12, diskdə) variantları təqdim olunmalıdır.

Təqdim olunan bütün əsərlər ictimaiyyətin diqqətini Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərə və Dövlət Miqrasiya Xidmətinin 10 illik fəaliyyəti dövründə əldə olunan nailiyyətlərə cəlb etməyə, eləcə də miqrasiya problemlərinin həllinə istiqamətləndirməyə yönəlməlidir.

Əsərlər müsabiqəyədək heç bir yerdə çap, nəşr və yaxud nümayiş etdirilməməlidir.

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək lazımdır:

AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi 202,

Dövlət Miqrasiya Xidməti Aparatının inzibati binası. Əlaqə telefonları: (+99412) 562-11-97.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.