CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının sessiyasında iştirak edir
Bakı, 6 dekabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 107-ci sessiyasında iştirak etmək məqsədilə qurumun baş direktoru Uilyam Leysi Svinqin dəvəti ilə İsveçrədə səfərdədir.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cenevrədə yerləşən Millətlər Sarayında dekabrın 5-dən 8-dək keçirilən sessiyanın açılışında gündəliyə uyğun olaraq təşkilati məsələlərə baxılıb. Şura sədrinin, sədr müavinlərinin və məruzəçilərinin seçilməsindən sonra quruma üzvlüklə bağlı müraciət edən Tonqa Krallığının namizədliyi səsə qoyulub və Krallıq yekdilliklə Təşkilatın 166-cı üzvü seçilib. Daha sonra bir sıra beynəlxalq təşkilatların, eləcə də qeyri-hökumət təşkilatlarının BMqT Şurasında müşahidəçi qismində iştirakı səsvermə yolu ilə təsdiqlənib.
Sessiyada BMqT-nin baş direktoru Uilyam Leysi Svinq hesabat məruzəsi ilə çıxış edib. Təşkilatın yaranması, fəaliyyəti barədə ətraflı məlumat verən baş direktor Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 107-ci sessiyasının BMqT-nin yaradılmasının 65-ci ildönümünə həsr olunduğunu söyləyib. O qeyd edib ki, yarandığı vaxtdan BMqT bir neçə inkişaf mərhələsindən keçib.
Sonra U.L.Svinq dünyada miqrasiya proseslərinin hazırkı vəziyyətini əks etdirən statistik rəqəmləri sessiya iştirakçılarının nəzərinə çatdırıb.
BMT Baş Assambleyasının prezidenti Peter Tomson bu ilin sentyabrında Nyu-York şəhərində Assambleyanın “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşü çərçivəsində BMT ilə BMqT arasında əlaqələrə dair imzalanmış Sazişin əhəmiyyətinə toxunub. Bu əməkdaşlığın dünya dövlətlərinin miqrasiya məsələsinə verdiyi önəmin təzahürü olduğunu bildirib.
Bundan əlavə, sessiya çərçivəsində qlobal miqrasiya proseslərinin müxtəlif aspektlərini əhatə edən “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal vəhdət”, “İqlim miqrasiyası və fəlakətlər nəticəsində sərhədlərarası köçürülmənin həlli üçün siyasi imkanlar” və “Humanitar maliyyələşmələrdə böyük ticarət” mövzularında yüksək səviyyəli panellərin keçirilməsi planlaşdırılır.
Sessiya işini dekabrın 8-də yekunlaşdıracaq.