İQTİSADİYYAT
Dövlət Mülki Aviasiya Administrasiyası ölkəmizin mülki aviasiyasına ICAO-nun texniki yardım proqramını razılaşdırıb
Bakı, 11 iyul, Elvin Camalov, AZƏRTAC
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası uçuşlarının təhlükəsizliyi məsələlərində ölkəmizin mülki aviasiyasına Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) texniki yardım proqramını razılaşdırıb.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, razılaşdırma Parisdə ICAO-nun Avropa/Şimali Atlantika Bürosunun yaradılmasının 70 illiyi ilə bağlı keçirilən təntənəli tədbirlər zamanı baş tutub. Bu əlamətdar gün münasibətilə keçirilən tədbirlərdə ICAO-nun prezidenti Olumuiva Benard Aliu, təşkilatın baş katibi Fan Lyu, Avropa dövlətlərinin mülki aviasiya qurumlarının rəhbərləri və beynəlxalq təşkilatların vəzifəli şəxsləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təntənəli tədbirlərində iştirak edib. Səfər zamanı nümayəndə heyəti həmçinin ICAO-nun Paris Bürosunda ikitərəfli görüşlər keçirib və uçuşlarının təhlükəsizliyi məsələlərində ölkəmizin mülki aviasiyasına ICAO-nun texniki yardım proqramını razılaşdırıb.