MƏDƏNİYYƏT


Dövlət Musiqili Teatrı 106-cı mövsümü başa vurub

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrı cari mövsümü başa vurub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bağlanış günü dahi Üzeyir Hacıbəylinin iki hissəli “O olmasın, bu olsun” musiqili komediyası nümayiş olunub.

“Teatrımızın 106-cı mövsümü çox uğurlu və əlamətdar olub. Qazandığımız uğurlar, təşkil və ev sahibliyi etdiyimiz tədbirlər, keçirdiyimiz premyeralar, “Multikulturalizm ili”, habelə “Sosial proqramlar” çərçivəsində səfərlərimiz, qastrollarımız haqqında mətbuatda kifayət qədər məlumat verilib. 106-cı mövsüm doğrudan da bizim üçün çox zəngin və uğurlu oldu. Mövsüm boyu dövlətimizin başçısı İlham Əliyevin müxtəlif sərəncamları ilə Xalq Artisti Afaq Bəşirqızı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, baş xormeysterimiz Vaqif Məstanov, aktyorlarımız Svetlana Bulax, Əzizağa Əzizov “Əməkdar Artist” , truppa müdirimiz Vidadi Həsənov “Əməkdar Mədəniyyət İşçisi” fəxri adlarına, 9 əməkdaşımız isə “Prezident mükafatı”na layiq görülüb. Bu bizim işimizə verilən ən yüksək, ən ali qiymətdir. Artıq biz 107-ci mövsümə hazırlaşırıq. Nəzərdə tutduqlarımızı həyata keçirə bilsək, inanıram ki, daha böyük uğurlara imza atacağıq”, - deyə teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev bildirib.

Qeyd edək ki, 106-cı mövsümün bağlanış günü nümayiş olunan “O olmasın, bu olsun” tamaşası Musiqili Teatrın ən uğurlu, tamaşaçılar tərəfindən hər zaman böyük diqqət və maraqla izlənən tamaşalarından biridir. Tamaşada Məşədi İbad obrazına görə Əməkdar Artist Şövqi Hüseynov Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” milli mükafatına layiq görülüb. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır. Səhnə əsərində rolları Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Nahidə Orucova, Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Ağaxan Şərifov, Aydan Həsənova, Elçin İmanov, Fərid Rzayev, Elməddin Dadaşov və başqaları ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.