MƏDƏNİYYƏT
Dövlət Musiqili Teatrının “Formula-1” həftəsi üçün repertuarı
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisinə yüksək səviyyədə hazırlaşıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağında yarış iştirakçılarının və ölkəmizə gələcək şəhərimizin çoxsaylı qonaqlarının mədəni istirahətlərinin lazımi səviyyədə təşkil edilməsi ilə bağlı bütün təşkilati məsələləri həll edib. Teatr “Formula 1” həftəsində xüsusi repertuarla çıxış edəcək.
Belə ki, iyunun 17 və 19-u nümayiş ediləcək “Talelər qovuşanda” və “Qızıl toy” adlı səhnə əsərləri ingilis dilində qaçan titrlər vasitəsilə əcnəbi qonaqlara təqdim olunacaq.
Qeyd edək ki, Dövlət Musiqili Teatrı ölkəmizdə baş tutan beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak etmək üçün Bakıya dəvət olunmuş xarici ölkə vətəndaşlarını və turistləri yüksək səviyyədə qarşılamaq üçün yetərli təcrübəyə malikdir.