SİYASƏT
Dövlət Müstəqilliyi Günü İstanbulda qeyd olunub
Bakı, 22 oktyabr, AZƏRTAC
İstanbul Türkiyə Azərbaycan Dərnəyi (İSTAD) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü təntənəli bayram tədbiri ilə qeyd edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.
İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu tədbirdə çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixindən danışıb. Azərbaycanın müstəqilliyini ilk olaraq Türkiyə Cümhuriyyətinin tanıdığını vurğulayan S.Qaraqoyunlu iki ölkənin dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. Qeyd olunub ki, əsrlərə söykənən bu dostluq və qardaşlıq əlaqələri gələcəkdə də davam edəcək.
S.Qaraqoyunlu müasir müstəqil Azərbaycanın qazandığı uğurları diqqətə çatdırıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Ermənistandakı Metsamor atom elektrik stansiyasının bölgənin təhlükəsizliyini təhdid etməsindən danışıb.
Yıldız Texnik Universitetinin professoru Adil Allahverdiyev, dosent İslam Manafzadə Azərbaycanın müstəqillik mübarizəsində ziyalıların rolundan bəhs ediblər.
Tədbirdə, həmçinin İrəvan xanının nəvəsi Turhan Turqut, tarixçi-yazıçı Mehmet Dağıstanlı və digərləri də çıxış edib Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıblar.
Bayram tədbirində İstanbulda təhsil alan azərbaycanlı tələbələr, qardaş ölkədə yaşayan soydaşlarımız, İSTAD-ın üzvləri iştirak ediblər.