SİYASƏT
Dövlət Müstəqilliyi Günü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, 18 oktyabra aparan yol nə qədər mürəkkəb idisə, bu müstəqilliyin qorunub möhkəmləndirilməsi bir o qədər məsul və şərəfli idi... Oktyabrın 18-i Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bərpa edib. Həmin gün respublika parlamenti – Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edib. Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi Sovet İttifaqının dağılması və “Soyuq müharibə”nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş verirdi. Nəhəng imperiyanın iflası müttəfiq respublikaların hamısı üçün müstəqil dövlətçiliyin yolunu açmışdı. Bununla belə, Azərbaycan üçün müstəqilliyə qovuşmaq göydəndüşmə hadisə deyildi. Azərbaycan xalqı uzun illər istiqlal ideyasını özündə yaşatmışdı. 1918-1920-ci illərdəki Azərbaycan Xalq Cümhuriyyəti bu ideyanın gerçəkləşdiyi qısa, amma tarixi əhəmiyyətli zaman kəsiyi idi.
Qeyd edilib ki, 71 illik sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularını tamamilə məhv edə bilməmişdi. Odur ki, XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə sahib olmaq hissləri digər müttəfiq respublikalara nisbətən daha impulsiv və bariz şəkildə özünü göstərirdi. Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin növbəti ildönümünü qeyd edərkən bu tarixi hadisəni zəruri edən tarixi xronikaya nəzər salmaq vacibdir. Azərbaycanın dövlət müstəqilliyi yolunda mübarizəsi faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi. Qanlı Yanvar hadisələrindən sonra xalqı ilə bir olmaq, onun azadlıq və suverenlik arzularının gerçəkləşməsində iştirak etmək istəyən xalqımızın böyük oğlu Heydər Əliyev Moskvadan Azərbaycana qayıtdı, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçildi. Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında muxtar respublikanın adından “sovet sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, üzərində aypara və səkkizguşəli ulduzun əks olunduğu bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul edildi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Səsvermədə Ali Sovetin 360 deputatından 258-si iştirak etmişdi. Adbaad səsvermədə “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” yekdilliklə qəbul olundu. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla bu gün bütün ölkə ərazisində dövlət müstəqilliyimizin bərpasının 25 illik yubileyi təntənəli şəkildə qeyd olunur. Bu günün təməlinin məhz Naxçıvanda ulu öndər Heydər Əliyevin sayəsində qoyulduğunu nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasında yubiley ilində keçiriləcək tədbirlərin nə qədər genişmiqyaslı və əhəmiyyətli şəkildə keçiriləcəyini aydın təsəvvür etmək mümkündür.
Diqqətə çatdırılıb ki, Dövlət Müstəqilliyi Günü hər bir Azərbaycan vətəndaşının vicdan günüdür. Bu gün hər kəs hesabat verməli, müstəqillik mübarizəsində nə qədər əhəmiyyətli rol oynadığını düşünməlidir. Dünyada gedən xoşagəlməz proseslər içərisində müstəqil Azərbaycan dövlətinin əldə etdiyi böyük uğurlar, şübhəsiz ki, eyni zamanda, həm də qısqanclıq doğurur. Odur ki, biz vahid komanda olaraq Prezident İlham Əliyevin ətrafında möhkəm birləşmək, dövlətimizi qorumaq və aydın sabahlara doğru irəliləmək üçün yorulmamalıyıq.