İQTİSADİYYAT


Dövlət Neft Fondunda Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair növbəti iclas keçirilib

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 5-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) ölkəmizdə tətbiqinə dair çoxtərəfli qrupun növbəti iclası keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, iclasda tərəflər MHŞT idarə heyətinin Azərbaycana dair qəbul etdiyi qərar və islahedici tədbirlər, MHŞT-nin ölkəmizdə təsirinin təhlili, ötən il üzrə şirkətlər tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin əhəmiyyətliliyinin yoxlanılması, kvazi-fiskal xərclər haqqında anlayışın müəyyən edilməsi və benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə yol xəritəsinin yekun layihəsini müzakirə edərək müvafiq qərarlar qəbul ediblər.

İclasda, həmçinin “Moore Stephens” şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə 2015-ci ili əhatə edən hesabatı çoxtərəfli qrupun üzvlərinə təqdim olunub.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana “2009-cu il MHŞT mükafatı" təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.