İQTİSADİYYAT


Dövlət Neft Fondunun 2017-ci il üçün büdcə layihəsi müzakirə edilib

Bakı, 29 dekabr, AZƏRTAC

Dekabrın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

ARDNF-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Neft Fondunun 2017-ci il üçün büdcə layihəsi müzakirə olunub.

Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2017-ci il üçün büdcə layihəsinə, o cümlədən fondun idarə edilməsi ilə bağlı xərclərə dair ARDNF-in icraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, büdcə layihəsi, eləcə də Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və fondun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

İclasda, eyni zamanda, fondun icraçı direktoru tərəfindən “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na dəyişikliklər edilməsi haqqında təqdim edilmiş məlumatlara baxılaraq təklif olunan dəyişikliklər məqbul hesab edilib və təsdiq olunması üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasına qərar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.