İQTİSADİYYAT
Dövlət Neft Fondunun Fransaya investisiya yatırması imkanları araşdırılır
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Fransaya investisiya yatırması imkanları nəzərdən keçirilir.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bununla bağlı müzakirələr aprelin 27-də Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun Fransa Respublikası Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.
Ş.Mövsümov qonaqlara ARDNF-in fəaliyyəti, fondun vəsaitlərinin idarə edilməsi, “Cənub Qaz Dəhlizi” layihəsi, Azərbaycanın hasilat sənayesində şəffaflığın təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər və bu məqsədlə Prezident İlham Əliyevin Fərmanı əsasında yaradılmış Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya tərəfindən görüləcək işlər, ölkədə mövcud iqtisadi islahatlar, makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsi istiqamətində atılan addımlar, dövlətimizin başçısı tərəfindən təsdiqlənmiş “Strateji Yol Xəritələri” barədə məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Fransa arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.