İQTİSADİYYAT
Dövlət Neft Şirkəti peşəkar kadrlar hazırlanmasına yönəlmiş layihələr həyata keçirir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft“ İstehsalat Birliyində “Gənc mütəxəssislərin professionallığının sürətli inkişafı proqramı”nda fərqlənmiş gənc neftçilərlə görüş olub.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində şirkətin həyata keçirdiyi layihələrdən bəhs olunub. Qeyd edilib ki, kadr resurslarının gəncləşdirilməsi “Azneft” İB-də prioritet məsələlərdəndir. Bu istiqamətdə birliyin idarə və müəssisələrində əmək məhsuldarlığının artırılması, rəqabətə davamlı peşəkar kadr bazasının formalaşdırılması məqsədilə yerlərdə müvafiq maarifləndirmə proqramları, nəzəri və praktiki təlimlər təşkil olunur.
Ötən ilin noyabr ayından etibarən tətbiqinə başlanılan “Gənc mütəxəssislərin professionallığının sürətli inkişafı proqramı” da bu qəbildəndir. Proqram çərçivəsində gənc mütəxəssislərin rotasiyası həyata keçirilib, onların bilikləri yoxlanılıb, çatışmazlıqların aradan qaldırılması məqsədi ilə yeni təlim planları hazırlanıb.
Görüşdə proqramın icrası müzakirə edilib, nəticələr barədə iştirakçılara məlumat verilib.