ELM VƏ TƏHSİL


Dövlət Neft və Sənaye Universiteti Lester Universiteti ilə əməkdaşlığa dair saziş imzalayıb

Bakı, 14 fevral, AZƏRTAC 

Böyük Britaniyanın Lester Universitetinin prezidenti, professor Paul Boylenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub. ADNSU ilə Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, qonaqlar əvvəlcə universitetin nəzdində yaradılan Britaniya Mərkəzi ilə tanış olublar. Onlar, həmçinin ADNSU-nun tarix muzeyindəki eksponatlara baxıblar.

Sonra rektor Mustafa Babanlı Lester Universitetinin nümayəndə heyəti ilə görüşüb. O, ADNSU-dakı tədris prosesi və yeniliklər barədə qonaqları məlumatlandırıb. Hazırda universitetdə 14 ixtisas üzrə ingilis dilində tədrisin aparıldığı, bu istiqamətdə işlərin daha da inkişaf etdiriləcəyi bildirilib. Rektor qonaqlara ADNSU-nun nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universiteti haqqında da məlumat verib.

Professor P.Boyle ADNSU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, bu əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə, həmçinin birgə proqram çərçivəsində bəzi ixtisaslar üzrə mütəxəssis hazırlığına dair məsələlər müzakirə olunub. Qərara alınıb ki, növbəti həftələr ərzində hər iki universitetin rəsmiləri arasında müvafiq ixtisasın seçilməsi və birgə proqramın hazırlanmasına dair bütün detalların razılaşdırılması istiqamətində intensiv əməkdaşlıq davam etdirilsin.

Görüşün sonunda ADNSU ilə Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb.

Sənədi M.Babanlı və P.Boyle imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.