ELM VƏ TƏHSİL
Dövlət Neft və Sənaye Universiteti ilə Vyetnamın təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi vacibdir
Bakı, 28 mart, AZƏRTAC
Martın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasındakı əməkdaşlıq, eləcə də tələbə mübadiləsi haqqında məsələlər geniş müzakirə olunub. Azərbaycan və Vyetnam arasında hər zaman dostluq və tərəfdaşlıq münasibətlərinin olduğunu deyən M.Bababnlı ADNSU-da təhsil alan vyetnamlı tələbələrin universitetin ictimai və mədəni həyatında xüsusi rol oynadıqlarını vurğulayıb. Ali məktəbdə tədris olunan ixtisaslar, təhsil pillələri və digər məsələlər haqqında geniş məlumat verən rektor deyib: “Vyetnamlı tələbələrin bizim qəlbimizdə hər zaman xüsusi yeri var. Fəxrlə deyə bilərəm ki, vyetnamlı gənclər həm yaxşı vətəndaş, həm də çox gözəl tələbələrdir. Ümid edirəm ki, sizinlə bu görüş əlaqələrimizi daha da inkişaf etdirəcək”.
Azərbaycanda, xüsusən də bir zamanlar təhsil aldığı doğma ali təhsil ocağında olmaqdan məmnunluğunu bildirən “Vietsovpetro” şirkətinin direktoru, ADNSU-nun məzunu Do Man Hung universitetdə yaradılan şəraitdən və aparılan islahatlardan razılığını ifadə edib.
ADNSU-da tədris prosesi və həyata keçirilən beynəlxalq proqramlarla maraqlanan qonaq universitetə vyetnamlı tələbələrin cəlb edilməsinə dəstək olacağını bildirib. O, ADNSU ilə Vyetnam universitetləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.