CƏMİYYƏT


Dövlət Pedaqoji Universitetində Beynəlxalq Tolerantlıq Günü qeyd edilib

A+ A

Bakı, 10 noyabr, Maqsud Dadaşov, AZƏRTAC

Noyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali məktəbin və Səbail Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif təhsil müəssisələrinin, ictimai birliklərin, dini icmaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri və rayon ziyalıları iştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Beynəlxalq Tolerantlıq Gününün tarixi və mahiyyətindən söz açıb, müxtəlif ölkələrin cəmiyyətləri arasında mövcud tolerant münasibətlərin, habelə multikultural dəyərlərin inkişafının əhəmiyyətini qeyd edib. Bildirilib ki, İkinci Dünya müharibəsindən sonra Avropada tolerantlıq və multikulturalizm istiqamətində müəyyən addımlar atılıb, BMT-nin müvafiq konvensiyası imzalanıb. UNESCO-nun 1995-ci il noyabrın 16-da keçirilən 28-ci sessiyasında isə 185 ölkənin iştirakı ilə tolerantlıq prinsipləri haqqında bəyannamə qəbul edilib. 1996-cı ildə BMT Baş Assambleyasının qəbul etdiyi qərara əsasən, bu quruma üzv ölkələrə hər il noyabrın 16-sını Beynəlxalq Tolerantlıq Günü kimi qeyd etmək və bununla bağlı təhsil müəssisələrində, eləcə də geniş ictimaiyyət arasında müvafiq tədbirlər həyata keçirmək tövsiyə olunub.

Tədbirin əhəmiyyətindən danışan Səbail RİH-in başçısının müavini Eldar Ağayev diqqətə çatdırıb ki, ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətidir. Bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir, İslam həmrəyliyinin gücləndirilməsi və dini dəyərlərin müdafiəsi üçün beynəlxalq miqyasda işlər görülür. Cari ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi, gələn il Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunları bu uğurlu siyasətin bariz nümunəsidir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğulayıb ki, Azərbaycan tarixən tolerant və multikultural ölkə kimi tanınıb. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyev tolerantlılığı və multikulturalizmi dövlət siyasətinin əsas istiqamətlərindən biri elan edib. Ümummilli Lider ölkəmizdəki bütün xalqların, milli azlıqların bərabər hüquqlar əsasında yaşamaları üçün səmərəli əməli fəaliyyət göstərib. Prezident İlham Əliyevin siyasi iradəsi və mütərəqqi siyasəti sayəsində bu gün Azərbaycanda tolerantlıq və multikulturalizm üçün əlverişli mühit var və hər bir insan dini etiqadında azaddır. Respublikamızda tolerantlıq və multikulturalizm mövzularında ardıcıl olaraq mötəbər beynəlxalq tədbirlər keçirilir. Bu istiqamətdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusi vurğulanmalıdır. Bir sözlə, bu gün Azərbaycanda tolerantlığın və multikulturalizmin inkişafı üçün hər cür şərait yaradılıb. Ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün layiqli bir örnəkdir.

ADPU-nun kafedra müdiri, dosent Naibə Əhmədova, professor Mübariz Əmirov, İçərişəhər “Cümə” məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli, “Sodrujestvo” Cəmiyyəti idarə heyətinin üzvü Vadim İlyasov, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda Olan Zabitlər Konfederasiyası sədrinin müavini, ehtiyatda olan polkovnik Həsən Əmirov bildiriblər ki, tolerantlıq və multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Min illər boyu xalqımız tərəfindən yaşadılaraq bu günümüzə gəlib çıxmış və Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərdən birinə çevrilmiş tolerantlıq və multikulturalizm dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır və yüksək dəyərləndirilir.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.