ELM VƏ TƏHSİL
Dövlət Pedaqoji Universitetində “Kaspi Təcrübə Proqramı”nın təqdimatı olub
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Kaspi” Təhsil Şirkətinin “Kaspi Təcrübə Proqramı”nın təqdimatı keçirilib.
ADPU-nun tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov bildirib ki, şirkət bu proqramı pedaqojiyönümlü təhsil alan tələbələr üçün həyata keçirir. Təqdimatın məqsədi də tələbələri “Kaspi Təcrübə Proqramı” barədə məlumatlandırmaqdır.
“Kaspi” Təhsil Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Afaq İbrahimova bildirib ki, hazırda şirkətin 10 filialı, iki uşaq bağçası və iki liseyi var. Bakı şəhəri ilə yanaşı, şirkətin Gəncə və Sumqayıt şəhərlərində də təhsil mərkəzləri fəaliyyət göstərir.
Şirkətin insan resursları şöbəsinin mütəxəssisləri Lalə Ələkbərli və Həvayət Quliyeva “Kaspi Təcrübə Proqramı”nın mahiyyəti və xüsusiyyətləri barədə məlumat veriblər. Bildirilib ki, şirkət artıq üç ildir ki, bu proqramı həyata keçirir. Təcrübə proqramında ali təhsilin bakalavriat pilləsinin III, IV kurs tələbələri və magistratura pilləsinin birinci kursunda təhsil alan magistrantlar iştirak edə bilərlər. Tələbələr iki mərhələdən - imtahan və müsahibədən ibarət müsabiqədən keçməklə proqramda iştirak hüququ qazana bilərlər. Təcrübə proqramının həyata keçirilməsinin məqsədi iş axtarışı zamanı çətinliklərlə qarşılaşan tələbələrə real tədris-təlim mühitində təcrübə qazandırmaq, həm də təhsil şirkətinin müvafiq kadrlara olan tələbatını ödəməkdir. Fevral-mart-aprel aylarını əhatə edəcək proqram şirkətin filiallarında, bağça və liseylərində təşkil olunacaq. Proqram Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, kimya, fizika, coğrafiya, biologiya, tarix, ingilis dili, rus dili, ibtidai sinif və məktəbəqədər təhsil ixtisaslarını əhatə edəcək. Tələbələr yüksəkixtisaslı müəllimlərin nəzarəti altında təcrübə keçəcəklər. Sonda ən yaxşı tələbələr işlə təmin olunacaq, digərlərinə isə sertifikatlar veriləcək. Qeyd edilib ki, ötən iki ildə təcrübə proqramında iştirak edənlərin 69 faizi “Kaspi” Təhsil Şirkətinin mərkəzlərində işlə təmin olunub.