ELM VƏ TƏHSİL
Dövlət Pedaqoji Universitetində “Ustad dərsləri” layihəsinin təqdimatı olub
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dekabrın 8-də “Ustad dərsləri” layihəsinin təqdimat mərasimi keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Cəfər Cəfərov tədrisin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər və layihələr barədə danışıb.
Rektor bildirib ki, Təhsil Nazirliyinin tövsiyəsi ilə reallaşan “Ustad dərsləri” layihəsi tədris prosesinin təkmilləşdirilməsi məqsədilə həyata keçiriləcək. Layihəyə qabaqcıl təcrübəsi, yaradıcı fəaliyyəti, innovativ düşüncə tərzi ilə ölkə pedaqoji mühitində tanınan, ümumi təhsil orta məktəb müəllimlərinin mövcud bazasında adları yer alan, orta məktəb müəllimlərinin diaqnostik qiymətləndirməsi zamanı yüksək nəticələr əldə edən müəllimlər cəlb olunub. Ustad dərslərinin təşkili ilə əlaqədar ilkin mərhələ üçün 2008-2015-ci illərdə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri, həmçinin, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” əsasında məzun olmuş müəllimlər seçiliblər. Onların ixtisas tərkibi ümumtəhsil məktəblərində tədris olunan bütün fənləri əhatə edir.
ADPU-nun tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov, Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru Sənan Əliyev və digər çıxış edənlər layihənin tədrisin keyfiyyətinin yüksəldilməsinə və gənclərin müəllim peşəsinə marağının artmasına səmərəli təsir göstərəcəyini qeyd ediblər.