ELM VƏ TƏHSİL
Dövlət Pedaqoji Universitetində “Yay liderlik məktəbi” layihəsinin açılışı olub
Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən həyata keçirilən “Yay liderlik məktəbi” layihəsinin açılışı olub. Layihə universitetin rəhbərliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə həyata keçirilir.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan bu ali məktəbin rektoru, professor Cəfər Cəfərov layihənin əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, həyatda qarşıya qoyulan məqsədə çatmaq üçün vahid komanda olmalı, görüləcək işlər, strateji hədəflər müəyyən edilməlidir. Prezident İlham Əliyev müəllim hazırlığına xüsusi diqqət yetirir. İyirmi minədək tələbəsi olan ADPU ölkəmizin ali təhsil sistemində xüsusi yer tutur. Bu il ADPU-nun yaranmasının 95 ili tamam olur. Universitetin məzunları ölkəmizin inkişafında mühüm rol oynayırlar. Həyatımızın sürətlə dəyişməsi, inkişaf etməsi qarşımıza yeni tələblər qoyur. O deyib: “Biz cəmiyyətdə müəllim peşəsinin nüfuzunun yüksəldilməsi, onların bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin yaxşılaşdırılması və bütövlükdə ölkəmizdə insan kapitalının formalaşması üçün əzmlə çalışmalıyıq. TGT birinci kursa qəbul olan tələbələrlə sıx işləməli, onlara hərtərəfli dəstək verməli, universitetin ümumi inkişaf prosesinin fəal qüvvəsi olmalıdır”.
Layihə iştirakçılarına uğurlar arzulayan Cəfər Cəfərov belə proyektlərin davamlı olmasının vacibliyini vurğulayıb.
Tədbirdə TGT-nin sədr müavini Aytac Fərzəliyeva layihənin həyata keçirilməsi üçün təşkilat komitəsinin yaradıldığını, iştirakçıların seçim mərhələsinin müəyyənləşdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, layihədə universitetin filiallarından və Azərbaycan Dövlət Pedaqoji Kollecindən 60, o cümlədən bu il universitetə qəbul olmuş 5 birinci kurs tələbəsi iştirak edir. Layihənin icrası zamanı sosial şəbəkələrdə yaradılmış səhifələr vasitəsilə davamlı təbliğat işləri aparılacaq. Dörd komandanın iştirak etdiyi layihənin sonunda qaliblər mükafatlandırılacaq.
ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayılov və ADPU-nun tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev TGT-nin uğurla fəaliyyət göstərdiyini vurğulayıblar.
Sonra layihə iştirakçıları Şəmkir rayonuna yola düşüblər.