İQTİSADİYYAT
Dövlət Proqramı çərçivəsində 360 kilometrdən çox dəmir yolu əsaslı təmir olunub
Bakı, 19 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC
“Dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində 360 kilometrdən çox dəmir yolu əsaslı təmir olunub.
Nəqliyyat Nazirliyinin Nəqliyyatda təhlükəsizlik şöbəsinin müdiri Kazım Şərifov AZƏRTAC-a bildirib ki, 2011-ci ildə 40, 2012-ci ildə 130, 2013-cü ildə 147, 2014-cü ilin 10 ayında isə 51 kilometr yol əsaslı təmir edilib. Stansiyaların ərazilərində bu ilin 10 ayında 81 dəst yoldəyişən qurğunun metal hissələri və 29 dəst çevirici tirlər dəyişdirilib və 52,1 kilometr yolda calaqsız rels qoyulub.
K.Şərifov qeyd edib ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində də lazımi addımlar atılır. Dəmir yolu keçidlərinin çox olması və bir-birinə yaxın məsafədə yerləşməsi qatarların yüksək sürətlə hərəkəti zamanı təhlükəsizliyin təmin edilməsi baxımından bir çox problemlər yaradır. Bu səbəbdən Nəqliyyat Nazirliyi tərəfindən dəmir yolu üzərindəki bəzi qorunmayan keçidlərin ləğv edilməsinə başlanılıb. Artıq Heybət-Puta, Puta-Qaradağ, Qaradağ-Səngəçal, Kürdəmir stansiyası, Qarabucaq-Müsüslü, Ucar-Əlikənd, Ləki-Malay, Malay-Yevlax, Mingəçevir Baş Goran, Kürəkçay-Dəliməmmədli, Şəmkir-Dəllər, Zəyəm-Qovlar, Qovlar-Tovuz, Poylu-Ağstafa və Güzdək Baş Sumqayıt mənzillərində yerləşən təhlükəli keçidlərin ləğvinə başlanılıb.