REGİONLAR


Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada qarşıda duran vəzifələr müzakirə olunub

Naxçıvan, 27 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2017-ci ilin ilk 6 ayı ərzində öz fəaliyyətini gücləndirib, qanunvericilikdən, Əsasnamədən və iş planından irəli gələn vəzifələri həyata keçirib. Hesabat dövründə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət olunub, 3 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 3 qərarı ləğv etdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sözləri komissiyada keçirilən kollegiya iclasında qurumun sədri İsmayıl Qəribli deyib.

İsmayıl Qəribli qeyd edib ki, komissiya Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq şəraitində həyata keçirilməsini təşkil edir. Hazırda komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin tutulması üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu davam edir. Müsabiqəyə 49 dövlət orqanından 642 vakant vəzifə çıxarılıb ki, onlardan 1-i inzibati vəzifələrin dördüncü, 22-si inzibati vəzifələrin beşinci, 93-ü inzibati vəzifələrin altıncı, 526-sı isə yeddinci təsnifatına aiddir. Hesabat dövründə bir sıra dövlət orqanları üçün daxili müsabiqələrin, həmçinin şöbə və sektor müdiri vəzifələrinin tutulması üçün test imtahanlarının keçirilməsi təmin olunub.

İlin birinci yarısında muxtar respublikada fəaliyyət göstərən dövlət qulluqçularının Dövlət Qulluqçularının Reyestrinə daxil edilməsi işi həyata keçirilib, 2419 dövlət qulluqçusu barədə məlumatlar reyestrə daxil olunub. Dövlət qulluğunda çalışan şəxslərin 26 faizini gənclər, 22,5 faizini qadınlar təşkil edib. Komissiyanın test bazasının yeni suallarla zənginləşdirilməsi və testlərin ekspertizasının davam etdirilməsi diqqətdə saxlanılıb, test bazasında olan suallar qanunvericiliyə edilən dəyişikliklərə uyğunlaşdırılıb, 590 yeni test tapşırığı tərtib edilərək ekspertizadan keçirilib və test bankına əlavə olunub.

Diqqətə çatdırılıb ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin icra edilməsi məqsədilə Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün tədris ili ərzində komissiyanın təcrübəli əməkdaşları tərəfindən ayda iki dəfə açıq dərslər keçilib, komissiyanın inzibati binasında tələbələr üçün təcrübə təşkil edilib.

“Dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların öyrədilməsi ilə bağlı maarifləndirici tədbirlər hesabat dövründə diqqət mərkəzində saxlanılıb. Keçirilən seminarlarda, ümumilikdə, inzibati vəzifə tutan 152 dövlət qulluqçusu iştirak edib. Bundan başqa, digər mərkəzi icra hakimiyyəti orqanları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri gücləndirilib”, – deyən İsmayıl Qəribli bildirib ki, dövlət orqanlarının kadr qurumları ilə mütəmadi əlaqə saxlanılıb, dövlət qulluqçularının şəxsi işlərinin və reyestrin aparılması qaydası, ixtisas dərəcələrinin verilməsi və digər məsələlərlə bağlı metodik köməklik göstərilib.

Sonra komissiyanın şöbə müdiri Mahir Abbasov, şöbə müdiri vəzifəsini icra edən Samiq Salayev və sektor müdiri Türkan Gülməmmədli məruzə ətrafında çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.