CƏMİYYƏT
Dövlət Sərhəd Xidməti ilə Türkiyənin Jandarma Qüvvələri arasında əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib
Bakı, 27 aprel, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev aprelin 27-də DSX Aparatında Türkiyə Respublikası Jandarma Baş Komandanı, ordu generalı Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında bütün sahələr üzrə əlaqələrin inkişafı xüsusi vurğulanıb, Dövlət Sərhəd Xidməti ilə Türkiyə Jandarma Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən dövlət sərhədlərinin bir hissəsinin Ermənistanın işğalı altında qalması və bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd edilib. Bununla yanaşı, qeyri-leqal miqrasiya, qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi və digər transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.
Tərəflər arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması, əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.