CƏMİYYƏT
Dövlət Sərhəd Xidməti inkişaf edərək sərhədlərimizi yüksək səviyyədə qorumağa qadir olan quruma çevrilib
Bakı, 19 avqust, AZƏRTAC
Dövlət Sərhəd Xidmətində (DSX) Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümü ilə əlaqədar təntənəli tədbirlər davam etdirilir.
Bütün hərbi hissə və bölmələrdə keçirilən mədəni-kütləvi tədbirlərdə, elmi-praktiki seminarlarda, görüşlərdə sərhədçi veteranlar, elm və incəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak edirlər.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bayram tədbirlərində müstəqil Azərbaycan dövlətinin banisi, Dövlət Sərhəd Xidmətinin yaradıcısı, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri xüsusi minnətdarlıq hissi ilə qeyd olunur.
Belə bayram tədbirlərindən biri də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilib. Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin bayram təbriki tədbir iştirakçılarına çatdırılıb.
Bayram tədbirində dövlətimizin müstəqilliyini əbədi və dönməz edən ulu öndər Heydər Əliyevin sərhədçilərin peşə bayramı gününün təsis edilməsi barədə 2000-ci il 16 avqust tarixli Fərmanının tarixi əhəmiyyətindən, Ulu Öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin inkişaf edərək dövlət sərhədlərimizi ən yüksək standartlar səviyyəsində qorumağa qadir olan bir quruma çevrilməsindən qürurla danışılıb.
2009-cu il 31 avqust tarixdə açılışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirak etdiyi “Sərhədçi” İdman Olimpiya Mərkəzinin respublikamızın idman həyatında mühüm rol oynaması, sərhədçi idmançıların son illərdə beynəlxalq və yerli yarışlarda 539 qızıl, 311 gümüş, 620 bürünc medal qazanması xüsusi qeyd edilib.
Tədbir iştirakçıları “Sərhədçi” İdman Olimpiya Mərkəzinin idmançılarının bədii gimnastika, idman gimnastikası, akrobatika, karate, güləş, sambo və idmanın digər növləri üzrə nümunəvi çıxışlarını böyük maraqla izləyiblər.
Tədbirdə xidmət zamanı yüksək nəticələr əldə etmiş sərhədçi idmançılar mükafatlandırılıblar.
Bayram tədbiri Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin konsert proqramı ilə başa çatıb.