CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin Xudat sərhəd dəstəsində hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat sərhəd dəstəsində hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın şimal sərhədlərini ilk dəfə mühafizə altına götürmüş hərbi hissənin bu illər ərzində keçdiyi şərəfli inkişaf yolu haqqında tədbir iştirakçılarına məlumat verilib. Xudat sərhəd dəstəsinin dövlət sərhədinin etibarlı mühafizəsinin təşkilində böyük nailiyyətlər əldə edərək hazırda Dövlət Sərhəd Xidmətinin ən mükəmməl hərbi hissələrindən biri olması xüsusi qeyd edilib. 1992-1993-cü illərdə müstəqilliyimizin əleyhinə olan qüvvələrin ölkədə yaranmış gərgin ictimai-siyasi vəziyyətdən istifadə edərək müxtəlif təxribatlar törətmək cəhdlərinin qarşısının qətiyyətlə alınması zamanı Xudat sərhəd dəstəsinin hərbi qulluqçularının Azərbaycan dövlətçiliyinə sadiqlik nümayiş etdirmələri, bu işdə yerli sakinlərin sərhədçilərə yaxından kömək göstərmələri böyük iftixar və minnətdarlıq hissi ilə xatırlanıb.
Dahi öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra heç bir sərhəd mühafizə infrastrukturu olmayan şimal sərhədlərimizdə böyük tikinti-quruculuq işlərinin geniş vüsət alması, sərhəd dəstəsinin qarnizonunun və 19 sərhəd zastavasının, üç sərhəd komendantlığının, iki sərhəd nəzarəti məntəqəsinin inşa edilməsi sərhəd təhlükəsizliyi məsələlərinə ali diqqətin ifadəsi olması xüsusi vurğulanıb.
Bildirilib ki, Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı məsələlərinə hər zaman ciddi önəm verən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xudat sərhəd dəstəsinə dörd dəfə səfər edib. Bu, sərhədçilərə olan inam və etimadın təzahürü olmaqla yanaşı, Ali Baş Komandanla görüşmək şərəfi şəxsi heyətdə böyük ruh yüksəkliyi, sərhədçi adını hər zaman qürurla daşımaq əzmi yaradıb.
DSX-nın rəisi, general-polkovnik Elçin Quliyev tədbirdə şəxsi heyəti təbrik edib, hərbi hissənin yaradılması, inkişaf dövrləri ilə bağlı xatirə və təəssüratlarını bölüşüb. O, sərhəd dəstəsinin təşəkkül tapmasına dəstək olan və kömək edən şəxslərə minnətdarlığını bildirib.
Tədbirdə xidməti fəaliyyətlərində yüksək nailiyyətlər əldə etmiş bir qrup sərhədçi, həmçinin hərbi hissənin əsasının qoyulduğu gün – 1992-ci il iyunun 16-da ilk dəfə Samur körpüsü üzərində sərhəd nəzarəti xidmətinə çıxmış şəxslər təltifləndirilib. Hərbi hissənin formalaşdığı ilk dövrlərdə sərhədçilərə yaxından kömək göstərən yerli sakinlərə, sərhədyanı rayonların dövlət orqanlarının əməkdaşlarına təltiflər təqdim olunub.
Tədbirin rəsmi hissəsi şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatıb.
E.Quliyev qonaqlarla birlikdə hərbi hissədə yeni inşa edilmiş və əsaslı təmir olunmuş binalara baxış keçirib, sərhədçilərlə birgə nahar edib.
Sonda DSX-nin hərbi orkestri və Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.