CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin əməkdaşları axtarışda olan şəxsi tutublar
Bakı, 29 avqust, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyət davam etdirilməkdədir.
DSX-nın mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, avqustun 26-da həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 20 nömrəli “Sankt-Peterburq-Bakı” aviareysi ilə ölkə ərazisinə 1933-cü il 15 yanvar təvəllüdlü Cəlalov Ələsgər Bayram oğlunun adına olan pasportdakı məlumatları və fotoşəkli saxtalaşdırmaqla sərhəd nəzarətindən keçməyə cəhd göstərən Masallı rayon sakini, 1986-cı il 13 dekabr təvəllüdlü Kərimov Bahadır Ağaxan oğlu saxlanılıb.
Araşdırma zamanı müəyyənləşdirilib ki, Bahadır Kərimov Daxili İşlər Nazirliyi tərəfindən axtarışdadır.
Hazırda fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.