CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin əməkdaşları külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısını alıb VİDEO
Bakı, 15 fevral, AZƏRTAC
Külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən alınıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Qazax rayonunun Babakər yüksəkliyi istiqamətində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycana qaçaqmalın keçirilməsi barədə daxil olmuş məlumat əsasında ehtimal edilən ərazidə axtarış tədbirləri həyata keçirilib. Bu tədbirlər nəticəsində saat 03:00 radələrində dövlət sərhəd xəttinin yaxınlığında dövlət nömrə nişanı “35 BH 057” olan “KamAZ” markalı nəqliyyat vasitəsinə 5-6 nəfər tərəfindən iribuynuzlu mal-qaranın və müxtəlif ölçülü bağlamaların yüklənməsi aşkar edilib.
Axtarış qrupu tərəfindən yaxalanarkən havanın qaranlıq və dumanlı olmasından istifadə edən sərhəd pozucuları qaçaqmalı hadisə yerində qoyaraq Gürcüstan istiqamətində geri qaçmağa müvəffəq olublar. “KamAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü sərhədçilərin havaya xəbərdarlıq atəşinə məhəl qoymamış, avtomobili yüksək sürətlə hərbi qulluqçuların üzərinə sürərək onların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb və hadisə yerindən uzaqlaşmağa çalışıb.
Sərhədçilər tərəfindən məlumatlandırılmış Dövlət Yol Polisi əməkdaşlarının saxlama tələbinə tabe olmayan nəqliyyat vasitəsinin sürücüsü qurulmuş maneəni vurub keçib, avtomobilin yük yerindəki qaçaqmalı yerə salaraq onu təqib edənlər üçün maneə yaratmaqla qaçmağa cəhd göstərib.
Həyata keçirilmiş tədbirlər nəticəsində “KamAZ” markalı nəqliyyat vasitəsi Ağstafa rayonunun Poylu kəndi ərazisində saxlanılıb. Avtomobilin sürücüsünün 1980-cı il təvəllüdlü, Qazax rayonunun Daş Salahlı kənd sakini Süleymanov Samir Siyavuş oğlu olduğu müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 6 baş at, 30 baş buzov və 12 bağlamada 90 adda 44 min 374 ədəd müxtəlif dərman pereparatlarından ibarət qaçaqmal aşkar olunub.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.