CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin əməkdaşları külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısını alıblar VİDEO
Bakı, 1 sentyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları qaçaqmalçılığın qarşısının alınması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhədçilər tərəfindən qabaqlayıcı əməliyyat məlumatları əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Avqustun 23-də Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasına gətirilməsi üçün sərhədboyu zolaqda gizlədilmiş 120 qutuda 3 min ədəd, avqustun 30-da isə Ağstafa rayonunun Dəmirtəpə adlanan ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Qazax rayon sakini 1990-cı il təvəllüdlü Zülfüqarov Natiq Nəbi oğluna məxsus yataqda gizlədilmiş 17 ədəd bağlamada 5 adda 4411 ədəd Çin istehsalı olan pirotexniki vasitə aşkar edilərək götürülüb.
Avqustun 30-da Şıxlı buraxılış məntəqəsində Ağcabədi rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Eldar İmran oğlu Azərbaycan Respublikasında qeydiyyatda olan avtomobilə məxsus texniki pasportla və AZ 99-NF-844 dövlət nömrə nişanını Gürcüstanda qeydiyyatda olan “Mersedes-Benz” markalı avtomobilin üzərinə bağlayaraq dövlət sərhədindən keçirərkən saxlanılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.