CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında regionda ilk dəfə yeni texnologiya ilə öd kisəsi çıxarılıb
Bakı, 4 avqust, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hospitalı qabaqcıl təcrübənin və tibb elminin yeniliklərinin, yeni texnologiyaların tətbiqi sahəsində ölkəmizin müalicə müəssisələri arasında xüsusi yer tutur.
Hərbi hospitalda sərhədçilərin və onların ailə üzvlərinin yüksək səviyyədə müalicə olunması üçün bütün imkanlar yaradılıb. Tibbi təchizatın yüksək səviyyədə olmasının və müasir tibbi avadanlığın alınmasının xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, bəzi tibbi əməliyyatlar ölkəmizdə ilk dəfə məhz bu müalicə müəssisəsində aparılır. Respublikamızda ilk dəfə olaraq 2008-ci ilin iyununda laparoliftinq üsulu ilə laparoskopik xolesistektomiya əməliyyatı, 2013-cü ilin yanvarında isə tək kəsikdən laparoskopik öd kisəsinin çıxarılması əməliyyatı icra olunub.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu il iyulun 23-də Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında Olymrus 190-eksera aparatı vasitəsilə, 3D texnologiyası əsasında xüsusi eynək və alətlərdən istifadə etməklə regionda ilk dəfə sterotoksik laparoskopik əməliyyat – öd kisəsinin çıxarılması uğurla həyata keçirilib. 3D texnologiyasının hərbi hospitalda tətbiqi ölkəmizin dünyanın qabaqcıl ölkələrinin səhiyyə müəssisələri ilə uğurlu əməkdaşlığının nəticəsidir.
Dövlət Sərhəd Xidmətinin hərbi hospitalı qabaqcıl və ən müasir texnologiyaların tətbiqi istiqamətində fəaliyyətini davam etdirmək əzmindədir.