CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi hеyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib VİDEO
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyi və şəxsi hеyəti avqustun 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhədçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzüblər.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Azərbaycanın ilk sərhədçi Milli Qəhrəmanı Eldar Məmmədovun da məzarı ziyarət edilib.
Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünü Azərbaycan dövlətçiliyinə xidmətdən irəli gələn qürur və fəxarət hissləri, xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılayır.
Azərbaycan Sərhəd Mühafizəsinin hər bir xidməti uğurunun arxasında Azərbaycan Rеspublikasının Prеzidеnti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyеvin ali diqqət və qayğısı, etibar və etimadı dayanır.
Azərbaycan Respublikası Prezidentinin yanvarın 13-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan sərhəd gözətçi gəmisi ilə tanış olması, “Tufan” tipli yeni sərhəd gözətçi gəmisinin təməlini qoyması, Dövlət Sərhəd Xidmətinin tərkibində silahlı birləşmələrin yaradılması və xidməti fəaliyyəti tənzimləyən normativ hüquqi sənədlərinin təkmilləşdirilməsi barədə qərarlar verməsi, döyüş əməliyyatlarında və xidməti-döyüş fəaliyyətlərində fərqləndiklərinə görə sərhədçiləri orden və medallara, fəxri adlara layiq bilməsi şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.