CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin rəisi Fransanın Azərbaycandakı səfiri ilə görüşüb
Bakı, 6 oktyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev oktyabrın 6-da Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ilə görüşüb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik E.Quliyev dövlət sərhədində mövcud vəziyyət, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin və dövlət sərhədinin bir hissəsinin bu günədək işğal altında qalmasını qeyd edib. Dövlət Sərhəd Xidmətinin vəzifə və tapşırıqları haqqında məlumat verib.
DSX-nin rəisi fəaliyyəti dövründə səfir P.Mönyenin Azərbaycan-Fransa arasında ikitərəfli münasibətlərin, eləcə də sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini, birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş qarşılıqlı səfərləri, sərhəd nəzarəti üzrə tədbirləri xüsusi vurğulayıb.
Səfir P.Mönye gələcək fəaliyyəti dövründə də mövcud əlaqələrin, o cümlədən sərhəd mühafizəsi üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Tərəflər Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Fransa Respublikasının müvafiq qurumları arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.