CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin rəisi Xudatda vətəndaşları qəbul edib
Bakı, 22 iyul, AZƏRTAC
Regionlarda vətəndaşlarla görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev iyulun 21-də Xudat Sərhəd Dəstəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının sakinlərini qəbul edib.
Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, qəbul zamanı vətəndaşların DSX-də xidmətə qəbul, mənzil və torpaq sahələrinin sənədləşdirilməsi, tibbi yardımın göstərilməsi, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri diqqətlə dinlənilib. Qaldırılan məsələlərin əhəmiyyətli hissəsi yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələrinə konkret tapşırıqlar verilib.
Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə qəbulunun təşkilindən razılıqlarını diqqətə çatdıraraq, yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.