REGİONLAR
Dövlət Sərhəd Xidmətinin rəisi Zaqatalada vətəndaşları qəbul edib VİDEO
Zaqatala, 9 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.
AZƏRTAC xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev sentyabrın 9-da Zaqatala Sərhəd Dəstəsində Balakən, Qax, Şəki, Oğuz, Qəbələ və Zaqatala rayonlarının sakinlərini qəbul edib.
Vətəndaşların müraciətləri əsasən Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil və torpaq sahələrinin sənədləşdirilməsi, tibbi yardımın göstərilməsi, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həll edilməsi üçün Xidmətin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib. Dövlət Sərhəd Xidmətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Qəbula gələn vətəndaşlar region sakinlərinin təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini yüksək qiymətləndirərək mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.