CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsi cəhdinin qarşısını almışlar VİDEO
Bakı, 25 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 20-də ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Yevlax rayon sakini, 1978-ci il təvəllüdlü Məmmədov Hacı Vaqif oğlu ümumi çəkisi 11,7 kiloqram olan marixuana ilə saxlanılmışdır.
Onunla birlikdə olan və “VAZ-21015” markalı 15-BM-895 dövlət nömrə nişanlı avtomaşınla hadisə yerindən qaçmış Cəlilabad rayonunun Uzuntəpə kəndinin sakini, 1979-cu il təvəllüdlü Nağıyev Ramin Hüseynağa oğlu aparılmış axtarış tədbirləri nəticəsində dekabrın 22-də saxlanılmışdır.
Faktla bağlı Dövlət Sərhəd Xidməti tərəfindən araşdırma davam etdirilir.