CƏMİYYƏT
Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətlərindən istifadə sayı 2 dəfədən çox artıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun öz saytı, “Elektron hökumət portalı” və “Elektron ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2 milyona yaxın istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə sığorta-pensiya sistemində növbəti iki elektron xidmətin təqdimat mərasimində Fondun sədr müavini Zakir Babayev məlumat verib.
Z.Babayev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci ilin 9 ayı ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalıb.